Kəndimizdə məktəbə getmədən hərbi xidməti başa vurmuş biri var idi. Yekəpər, savadsız, tənbəl bir oğlan idi. Şəhərlə sıx əlaqədə olduğumu gördükdə, vəziyyətimi öz süzgəcindən keçirib dedi: - Yekə oğlansan, bu qədər şəhərə gedib gəlirsən, mənimçün də gətir də o, disklərdən! Bir az anlaşılmaz danışsada, uşaqlıqdan onu tanıdığımdan nə istədiyini bildim. O, məndən porno disklər istəyirdi. Onu qırmamaq üçün dedim ki, o diskləri tapmaq mümkün deyil. Satışı da alışı da cinayətdir. "Yaxşı da” deyib razı düşdü. Amma, bir gün kəndə, onunla bir maşında gəlməli oldum. Yanımda oturmuşdu. Üstündə lüt qadın şəkli olan diski mənə göstərib – aldım, bəs deyirdin cinayətdir – dedi. "Gizlincə satırlar. Səndən də aydan ildən bir şey istədim, tapmadın”. Ona işim düşə biləcəyini düşünərək fərəhləndirmək qərarına gəldim. Dedim, "Sən hara - mən hara. Yerin üstündə tanıyırsan, altını da. Əlbəttə sən tapmalıydın” Sözlərim "seks azarkeşi”nə elə ləzzət elədi ki, ondan sonra harda məni gördü əlindəki diskləri mənə göstərirdi. Bir müddətdən sonra həmin adamın əlindəki disklərin formatında dəyişiklik gördüm. Açıq-saçıq porno disklər yox müxtəlif bədii filmlər alırdı. Bir gün də onu maşında, əlində "Titanik” və Anjelina Colinin bir neçə filminin disklərini gördüm. Dedim: - Deyəsən daha o disklərdən tapmırsan a... - Yox, zibil kimidi. Amma, ləzzət eləmir. Açıq aydın seksin yeri yoxdu. Adamı bezdirir. Bədii filmlərdəki epizodlar yaxşıdır. Səbəbini soruşduqda mənə aydınlaşdıra bilmədi: "Nə bilim e, nəsə ləzzət eləmir daha”
Oxuduğum kitablar haqqında danışmaqdan həmişə zövq almışam. Xoşlayıram ki, biri məndən filan kitabı oxumusan sualını verəndə ona HƏ cavabı verə bilim. İsər xarici, istər azərbaycan ədəbiyyatının nümunələri haqqında həmkarlarımla müzakirə aparıram. Amma, ən yeni Azərbaycan ədəbiyyatından oxuduğum nümunələrin əksəriyyətini nəinki müzakirə edirəm, hətta adlarını deməyə utanıram. Hörmət etdiyim biri məndəm, filan əsəri oxumusan o necə əsərdi soruşduqda utandığımdan yeganə çıxış yolum mütaliəmi təkzib etmək olur. Çünki, əks təqdirdə mən həmin adamın üzünə baxa bilməyəcəm. Səbəb ən yeni Azərbaycan ədəbiyyatının əksər nümayəndələrinin əsərlərindəki açıq-saçıq epizodlardır. İntim epizodlar çox ədəbsiz təsvir olunur əksər yeni əsərlərdə. Belə təsvirlərə təkcə intim epizodlarda yox əsərin hər hansı hissəsində, özü də tez-tez rast gəlmək olar. Ədəiyyatımız pornoqrafiyaya dönüb. Belə yazıların ailə səviyyəsində mütaliəsindən söhbət gedə bilməz. Yersiz açıq-saçıqlıq dəb halını alır. Halbu ki, ədəbiyyatımızda intim səhnələrin maraqlı, ecazkar, gizli, əlçatmaz çalarlarla təsvir nümunələri olub. Etiraf edək ki, açıq-saçıqlıq ədəbiyyatda əvvəllər də olub. Amma, kuliminasiya məqamlarında. İfrat dərəcədə yox. İndi ədəbiyyata qədəm qoyan, intim səhnələri çirkin,ucuz təsvirlə başlayır. Bəlkə də illər sonra XXI əsr ədəbiyyatımız XXX (pornoqrafiya) ədəbiyyatı adlandırılacaq. Bu günkü ədəbiyyatımız eyniylə şou biznesimizi xatırladır. Yazılarında müğənillərin, aktyorların soyunaraq populyarlaşmasını tənqid edən yazarların əsərlərinin bircə "tumanı” qalıb əynində. Bəzilərində heç "tuman” da yoxdu. Yazarlar bəlkə də bu yolla oxucu toplamaq istəyirlər. Buna nail olmaq da rahatdır. Amma, belə olduqda böyük bir bədbəxtlik formalaşdırırlar. Əgər, şou biznes əhli televizyalar yolu ilə əhalinin geyimini, estetik mədniyyətini və s. çılpaqlaşdırdısa, yazarlar da kitab vasitəsilə nitqimizi, düşüncəmizi, davranışımızı soyundurur. İkincisi daha pisdir. Burada çılpaqlaşan daha önəmli təbəqədir. Hansı ki, bu təbəqənin kitaba, mütaliəyə marağı və inamı var. Və kitaba öz mənəviyyatını etibar edir. Axı gənc nəsil mütaliəyə yenicə başlayır. Heç olamasa, bismillahı zəhərləməyin də!
Açıq saçıqlıq oxucuları bezdirə bilər. Necə ki, yekəpər kəndçimi bezdirmişdi. Əksər məsələlərdə bədbinlik, ruh düşgünlüyü,inmasızlıq nümayiş etdirən yazarların seks sahəsində qələmləri itidir. Elə fəaldırlar sanki, bunlar cəmiyyətdə qarşılarına çıxan kiçik maneələri aşmaq əvəzinə, həmin maneənin varlığına sızlayan, yüzlərlə gəncin həyatında mərsiyyəyaxan obrazında çıxış edənlər deyil! Gərək seksinizədə mane olsunlar ki, bir az sınıxasız?
P.S. Üzr istəyirəm, köşədir. Sərdar Tağıyev 11.05.2011
|