"İsrail – Fələstin savaşı”nda həmişə fələstinlilərin tərəfində olmuşam. Ancaq, bir dəfə televiziya vasitəsilə izlədiyim bir mənzərə ürəyimi ağrıtdı. Fələstinlilər Qəzzada aksiya keçirirdi. Sərhəddə onları İsrail əsgərləri qarşıladı. Əsgərlər canlı sədd quraraq, fələstinlilərin qarşısını kəsdi. Əsgərlərdən biri əlini kütlədən onu sığışdıran kök fələstinlinin sinəsinə dayayaraq, çox mədəni tərzdə onu sakitləşdirməyə çalışırdı. Bu zaman dayı əsgərin ağzının içinə bir dənə sanballı yumruq ilişdirdi. Əsgər üzünü tutub kənara qaçdı...
Vaxt var idi mübariz gəncliyin yoxluğundan narahat idik. İndi yeni bəla formalaşır. Gəncliyin YOX bəlası. Bu bəla əsasən tələbələrdə, ələlxüsus da jurnalist tələbələrdə gözə çarpır. Nədi-nədi, bunlara deyiblər ki, deyilən, eşidilən hər şeyi birbaşa qəbul etməyin. Əvvəl "YOX süzgəci”ndən keçirin! Daha deməyiblər ki, istəmədiyiniz, qəbul edilməsi sizin üçün çətin olan məsələləri YOX pərdəsindən o tərəfdə saxlayın. Birincisi: Yox jurnalistin, lap elə hamının daxilində olmalı və bu analiz də daxildə, xaricə sızmadan baş verməlidir. Çünki, hər hansı YOX kimin üçünsə HƏ ola bilər. İkincisi də: bu boyda YOX olar?:
Bəzən mediada yaşlı və cavan təbəqənin nümayəndələri arasında mühüm bir məsələnin diskussiyası gedir. Bildiyimiz kimi adətən yaşlı nəsil əttökən, qorxaq, mülahizələr yürüdür. Bu da nəinki cavan nəslin, əksər insanların ovaqatını çökdürür. Amma, bu zaman başına döndüyüm vəkilim də vurub hər şeyi yıxır. Qurunu elə yandırır ki, yaşın lap atası yanır. Qaş düzəldən yerdə vurub bəbəyi tökür. Bu da vəkilimin hədəfi kimi qiymətləndirilir. Adə, nə olsun cavansan, çılğınsan, günün günorta çağı qatığa qara demək olmaz!
Hər sentyabr KİV-nə yüzlərlə YOX deyən gənc jurnalist gəlir. Hər hansı məsələyə o qədər, kortəbii, adəti üzrə(yetərki kəskin və əks olsun) reaksiya verirlər ki, nəticədə müxalif durumda qalırlar. Jurnalist müxalif olmalı deyil. Unutmayaq, güclü həmişə suçlu olmur. Haqlı güclülərdə olur ki, onlar həqiqətən də zəif suçluların təzyiqinə məruz qalır. Bu zaman zəif tərəfində olmaq, güclü tərəfindən haqlı olaraq əzilməklə nəticələnir. Fərqlilik naminə həmişə əks qütbə can atmaq ağılsızlıqdı.
Düzdür, bu məsələ problem halını almayıb. Amma, daşa daş kimi baxmayıb sinəsini cəsarətlə sipər edən sadəlöhv gənclərin sınmasından qorxuram. Çünki, qürur bərk, eyni zamanda kövrək olur. Daşın, daş olduğunu qəbul edək. Onunla daşla olduğu kimi mübarizə aparaq. Əks halda o, sipər etdiyimiz sinəni sındıra bilər. Gəlin elə edək ki, gənliyimizi yıxan yox olsun. YOX olmasın.
|