Taksidən çox istifadə edirəm. Əsas ona görə yox ki, rahatdı! Ona görə ki, məni mənzilə ümumi nəqliyyatdan tez çatdırır. Taksidə sakit oturmağı üstün tuturam. Belə olduqda sürücü bir iki sual verir, görür qaradinməzin biriyəm, susur. Avtomobildə başqa sərnişin olduqda isə, istər-istəməz müşahidəçi oluram. Saat 18 idi. Qış ayı olduğundan hava qaralmışdı. Taksi dayanacağına gəldim. Dayanacağa yaxınlaşmışdım ki, biri qışqırdı: - Filan yerə gedirsən? - Hə. - Otur gedək! Qapını açırdım ki, dedi: - Otur bir nəfər də götürüb çıxıram. - Onda mən yolun kənarında dayanım, ayrı maşın rastlaşsa onunla gedərəm, gecikirəm! - Gecikirsən iki manat ver tərpənək! - Yox - Yaxşı, min gedək! Maşına minəndə gördüm ki, arxa oturacaqda qadın əyləşib. Yanında da 4-5 yaşlı oglan uşağı. Etiraf eləyim ki, təəccübləndim. Birinci ona görə ki, qadın əyalətdə taksidən istifadə edir, ikincisi də günün bu vaxtı! Nə isə, sözümün dalı qabaaqdadı. Taksi sürücüsü qadınla dialoq qurmağa başladı. Qadının danışığı məni açdı. Dedim artıq bizdə də belə xarakterli qadınlar taksidən istifadə edir. ( Ümumiyyətlə regionlarda qadınlar taksidən nadir hallarda istifadə edir) Danışığından, davranışından savadlı, normal biri kimi tanıdım. Hətta, sürücünün özünə məxsus suallarını da səviyyəli komplekssiz cavablandırırdı. Uşaq sürücüyə sual verdi: - Maşının siqnalı var? - Var! Balaca bir az irəli gəlib: - Olar basım? - Dinc dayan, arxadakı baqajı görürsən? Ataram səni ora! - Mən heç nə eləmədim! Doğrudan da uşaq heçnə eləməmişdi. O, anası kimi mədəni səliqəli hərəkət edirdi. Bu arada anası söhbətə qarışdı: - Elə deməyin! Uşaq qorxdu. Deyərdiz ki, maşın hərəkətdə olanda siqnalı basmaq olmaz. O, atasının maşının siqnalını basır. Amma, maşın dayanan vaxtı. Elə deyil Səfər? Bu sözlərdən sonra məni maraq bürüdü. Uşağı bəhanə edib qadına baxdım. Sadə qadın idi. Sürücü isə yöndəmsiz suallarını verməkdə davam edirdi. Elə bu arada məlum oldu ki, qadın Rusiyada yaşayır. Yeniyetmə olanda ora köçüb. Əri Rusiyada dəmir yol işçisidi. Özü isə evdar qadındı. İndi gördünüz ki, bayaqki təəccüblənməyimə əsas var idi. Çünki, bizdə savadlı müstəqil qadının özünü belə sadə aparmasını görməmişəm. Sürücü: - Uşaq azərbaycan dilini hardan öyrənib? - Bir iki aydı öyrənib! Bu arada uşaq əhvalının düzəldiyini nümayiş etdi. Tipik azərbaycanlı sayaq: - Can – canadır, can – cana! İki ay ərzində "lazım olanı” öyrətmişdik uşağa. Biraz da getdik. Sürücü qadının səmimiyyətindən istifadə edib suallarına davam edirdi: - Burdan paltar alıb Rusiyaya gətirsək satmaq olar? - Orada belə şeylər "bez problemdi” - Bez problemdi? Bez yox da, "turetski matiryal” pambıq zad. Qadın məsələni başa düşmədi. Ancaq, mən gülməyə bilmədim. Biraz da getdik, qadın dedi: - Zəhmət olmasa sağa döndərin! Sürücü maşını döndərdi, amma, sola. Qadın sağ - sol məsələsində özünün səhv etdiyini düşünüb: - Bağışlayın sola! – dedi. - Daha deyin kafeyə tərəf sürüm də! Nə isə qadın ünvanına çatdı. Deyəsən heç sinirlənmədi. Bəlkə də, uzun illərdi belə halla rastlaşmamışdı. Yəqin ki, belə qeyri adiliklər onun üçün maraqlı idi. Ancaq, bu cəmiyyətin bir üzvü kimi duruma görə narahatam. Bəziləri tərəfindən əxlaqsız adlandırılan rus cəmiyyətinin evdar qadını "bez problem” yaşadığı zaman, bizim cəmiyyətin fəal üzvlərindən olan taksi sürücüsü "bez problemi” yaşayır. P.S. Nəzərə alsaq ki, gələn il Azərbaycanda "Eurovision 2012” keçiriləcək, ölkəyə gələn turistlərin taksi sürücülərimizlə yaşayacağı problemlər növbəti yazıların mövzusu olacağına şübhə qalmır. Sərdar Tağıyev
|