Son zamanlar yazılarımıkompyuterdə yazırdım. Elə rahatdı ki, belə yazmaq. Həm işimlə əlaqədar, həm də bədii yazılarım kompyuterin yaddaşında idi. Belə yazmağın rahatlığı və kompyuterin uğurları ürəyimcə idi. Bu üsulla yazmağa başladıqdan sonra, yazılarımın sayı da artmışdı.
Bir gün kompyuterim xarab oldu. Yəni, yaddaşı silindi. Bütün, düşündüklərim, gördüklərim, yazdıqlarım nələr-nələr elə silindi həyatdan ki... Mənim üçün situmul idi yazılarım. Bu hadisədədən elə sarsılmışam ki... Bütün yazılarım adları altında gəlib keçir gözümün qabağından. Yazımda olan – qılıncını fağırın başına endirərkən yaxaladığım və yaxaladıqdan sonra qılıncı göydə saxlayan və yazım ictimaiyyətə çıxanadək qılıncı yerə salmayan zalım, yenə də öz işinə davam edir. Yazıqlar mənə, yazıq-yazıq baxaraq, itələnə-itələnə gedir. Son mənə qalan ümidləri də puça çıxdıqdan sonra kor olan yazıqlar. Bunu kim elədi? Cansız kompyuter. O, komputer ki, yalnız bir neçə yazımın adını saxlaya bilmişdi özündə. Bu adlara baxdım. Gənclik illərindən eynən bakirəliyi kimi qoruduğu sevgilisinin şəkli yandıqdan sonra, şəkil qalıqlarından təsəlli ala bilməyərək hönkürüb ağlayan biri kimi, bədbəxt hadisə nəticəsində bütün övladlarını itirdikdən sonra həyat yoldaşına sarılıb ağlayan qoca kimi ağlamaq istərdim. Heç nəylə məşğul ola bilmirdim. Axı o yazılar tənha gecələrimdə canımdan ayrılıb mənə yoldaş olub, tənhalığı unutdurub. İndi kim onları mənə qaytara bilər? Mən onların birini, "min zəhmətlə inşa etdiyi divarın dağılmasının qarşsısnı almağa çalışan, bunun mümkün olmadığını anlasa da kürəyini divara söykəyərək əliylə, ayağıyla, üzüylə üstünə gələn divara güc gələn bənnanın iradəsindən, ümidindən”, bakirəliyinin son gecəsinə hazırlaşan, yol kənarında dayanıb hələ üzünü görmədiyi, telefonla "tanış” olduğu oğlanı gözləyən, valideynlərinə balaca qardaşının mobil telefonuna zəng edərək evə işiylə əlaqədar 1saat gec gələcəyini deyən 19 yaşlı qırmızıyanaq qızın mindiyi, mis qoxulu qəbir vahiməli qara, alçaq maşının daxilindən”, "yerə uzadılaraq,yanında iki çolpa xoruzun dalaşdığı və qalxmaq istəsə də xoruzlar tərəfindən icazə verilməyən bu səbəbdən onların ikisindən birinin qalibiyyətini gözləyən qoca toyuğun vəziyyətindən doğan təəssüratlardan yazmışdım. O, təəssüratlar ki, onları bir də elə yazıya ala bilmərəm. Qayıtmazlar necə acıdır... Bu yazımı bütün yazılarımın, yarımçıq silinən fikirlərimin varisi kimi qəbul edin. Bu əlaqəsizliyi ərk kimi qəbul edib layiq olmayan dərəcədə yüksək qiymətləndirin, təsəlli verin mənə.... Gözümə yazılarımın cızma-qarasın apardığım vərəqlər dəyir. Nə qədər məğrur dayanıb onlar. Dəyişməz, etibarlı... Yadıma bir əhvalat düşür. On il əvvəl avtomobillə kənddən şəhərə gedərkən, yolda atlı Sadiq dayını görmüşdüm. Fikirləşmişdim ki, eh Sadiq dayı! daha atın vaxtı keçdi ye! Gördün səni maşınla bir dəqiqəyə ötüb keçdik? Amma, xeyli getdikdən sonra maşınımız xarab oldu. Uzun müddət yolun qırağında gözləməli olduq. Ötdüyümüz atlı Sadiq dayı bizə salam və peyin iyi verib keçdi. Vərəqlərə baxıram... Elə qeyrətlidi ki, bu vərəqlər, lap mənə Koroğlunun "Misri qılınc”ını xatırlatdı. Rahatlandım... İnandım ki, nə vaxtsa Misri qılıncda belə gərəkli olacaq. Sərdar Tağıyev
|